Vətənə təmənnasız xidmət, yaxud Azərbaycanın xeyirxahlıq rəmzi

Spread the love

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!

Tarixən türk qadını təkcə gözəlliyi, isməti, namusu, analıq şərəfi ilə deyil, mətanəti, müdrikliyi, vətənsevərliyi, qəhrəmanlığı və milli-mənəvi özəllikləri ilə tanınıb. Ümumilikdə insan düşüncəsində Vətən də, dövlət də, dövlətçilik də, vətənin taleyi naminə yürüdülən siyasətin əhəmiyyəti də ictimai, humanist (vətənpərvər!) təfəkkürün miqyası ilə bağlıdır. Və bu xüsusda, milli dövlətçilikdə, milli-mənvəi dünyamızın qorunmasında, eləcə də dəyər və layiqli önəm qazanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu yeni tariximizin yaddaqalan səhifələrindəndir.
Ümummilli lider Heydər Əliyev çox doğru qeyd edib: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Məlum olduğu kimi, Azərbaycan xalqı bütün zamanlarda özünün yüksək itellektli qadınları ilə də tanınıb və fəxr edib. Müxtəlif zamanların ictimai-siyasi proseslərində qadınlarımız fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını səlnamələrə, tarixin qəhrəmanlıq səhifələrinə yazdıra bilmişlər.
Mehriban xanımın ictimai, milli missiyası əsasında Vətənin, millətin azad-lığı, bu istiqamətdə vətəndaş amalı və əməli dayanır. Bu azadlıq dünyanın bütün nemətlərindən uca və böyükdür, həm də həyat rəhnidir.
Hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təşəbbüsçüsü Mehriban xanım Əliyeva olub. Sonradan onun rəhbərliyi ilə qurumun fəaliyyəti daha da gücləndi və bu, Azərbaycan mədəniyyətinin böhran məngənəsindən çıxmasına yeni bir təkan verdi.
Azərbayçançılıq, müstəqilliyin ilk illərindən başlayaraq dövlət quruculuğu prosesi Ulu öndər Heydər Əliyevin ölməz ideyaları əsassında həyatın bütün sahələrində həllini tapır. Bu mənada, Mehriban xanımın ictimai-siyasi fəaliyyətində Azərbaycan həqiqətləri, ölkəmizin ağrı-acısı, sevinci, yüksəlişi, Vətən torpağının müqəddəsliyi böyük önəm daşıyır. Və sözün əsl mənasında, cəmiyyətə (vətəndaşa) inkişaf, qurucu rəhbərə inam, ideal arzulara və işıqlı sabaha ümid təşkil edir…
1996-cı ildə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunan “Azərbaycan-İrs” jurnalı da Mehriban xanım təşəbbüsü ilə yaradılıb. Bunula Azərbaycan həqiqətlərinin daha geniş təbliği, beynəlxalq içtimaiyyətə çatdırılması yönündə yeni addım atılıb. Mehriban Əliyevanın rəhbərliyi ilə “Qarabağ” kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biridir
Bizim dünənimizdə bir qadın hökmdarın, sərkərdənin, qadın ictimai-siyasi xadimin adını xatırlamaq yetər ki, o, tarixdə daha çox xeyirxah və humanist əməllərinə görə tanınsın. Qeyd edək ki, Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur.Və heç şübhəsiz ki, belə tarixi simalardan biri də bizim müasirimiz olan Mehriban Əliyevadır. UNECKO və İSESKO kimi mötəbər təşkilatlarda Azərbaycanı ləyaqətlə təmsil edən, vətənpərvərliyinə, insansevərliyinə bütün dünya şahid olan və sayğı göstərən Mehriban xanım Əliyevanın humanist siyasəti, insanın yüksəlişi, haqq-ədalətin daha da möhkəmlənməsi işində xidmətləri Vətən (və xalq) üçün xüsusi dəyər kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Mehriban xanım Xoşməramlı səfir adını daşımağa layiqdir: “Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töfhəsini əsirgəməyəcək”.
Mehriban Əliyeva xeyirxah fəaliyyəti və əməlləri ilə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi sferada nailiyyətlər əldə etməyə qabil olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm də böyük ictimai-siyasi xadim, həm də istedadlı bir Azərbaycan qadınıdır. Ölkədə, eləcə də beynəlxalq miqyasda apardığı xeyriyyəçilik işləri, humanitar məzmunlu tədbirlər Azərbaycan qadınının yüksək humanizm dəyərlərinə malik olduğunu, dövlət strukturlarında, ictimai-siyasi meydanda böyük istedadını nümayiş etdirir.
2004-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox layihələr gerçəkləşib. Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrdə yollar çəkilmiş, onların su təchizatı yaxşılaşdırılmış, dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, Bakının Türkan qəsəbəsində müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılıb, Olimpiya və Paraolimpiya Oyunları, beynəlxalq yarışların qalibləri aylıq təqaüd, yaxud maliyyə mükafatı alırlar. Onun beynəlxalq arenada nüfuzu sayəsində 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə dünya kuboku yarışları, 2005-ci ildə isə dünya çempionatı Azərbaycanda keçirilib. Az müddət ərzində Xəzər dənizinin sahilində 23.000 tamaşaçı yerləşən “Baku Crystal” konsert zalı tikilərək istifadəyə verilib. 2015-ci ildə Avropa Oyunları Azərbaycanda keçirilməsi də ölkədə idmanın inkişafı sahəsində dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sırasına daxildir.
Aydın (və danılmaz) həqiqət odur ki, Azərbaycan cəmiyyətində mədəni-mənəvi sferanın, insani münasibətlərin formalaşmasında (və təzahüründə) milli-mədəni siyasətin təsiri güclü olmuşdur. Və bu gün Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu Azərbaycanda xalqın milli dəyərlərinin qorunması və tanıdılması istiqamətində Mehriban Əliyevanın timsalında cox uğurlu siyasət həyata keçirilir. Və təbii ki, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında yeni əsrimizin əvvəlində öz xalqına təmənnasız xidmətlə əbədilik qazanmasına şahidik.
Mehriban xanım Əliyevanın düşüncəsində həyatın, vətənpərvər yaşamın mənası, mahiyyəti, insanın çağdaş dünyada rolu və məramı barədə qənaətlər böyük səmimiyyət və humanizm anlamındadır. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər bir-birilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür”. Onun məqsədyönlü fəaliyyətinə söykənən bu ömür amalının gerçəyində əməli iş, xalqa mə-həbbət dayanıb. İnsanlıq məsuliyyəti, Azərbaycanın, ümumən çağdaş dünyanın rifahına hesablanmış xeyirxah əməlləri ilə bu gün o, həqiqətən xeyirxahlıq nümunəsi, rəmzidir.
UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların xətti ilə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti səsini bütün dünyaya çatdırıb. Azərbaycanın adət-ənənələrinin qoruyucusu kimi, ölkə daxilində və xaricdə keçirdiyi həyata keçirdiyi böyük layihələrlə dərin biliyə, geniş intelektə malik olduğunu hər dəfə nümayiş etdirməklə böyük nüfuz qazanıb.
Onun humanist fəaliyyətində yaşamın gerçəklikləri, qayğıları, vətən torpaqlarının müqəddəsliyi, insanların sabaha ümidləri bir işıqlı xətt kimi keçərək daha bəşəri miqyas alır. Bu mənada, Mehriban xanım Əliyeva bu gün YUNESKO-nun Xoşməramlı səfiri kimi fərqli milli mədəniyyətləri, dəyərləri bir araya gətirərək ümumilikdə dünyanın xilası uğrunda mətanətlə fəaliyyət göstərənlərin ön cərgəsində dayanıb. O, ön sırada üzərinə düşən bu ali missiyanı uğurla, ürəkdən, həm də daha təsirli vasitələrlə həyata keçirməkdədir. Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin düzgün qurulması, layiqli peşəkar kadrların hazırlanması yönündə təşəbbüsləri onun əsil vətəndaş mövqeyinin nümunəvi vətənpərvərliyinin ifadəsidir. Heydər Əliyev Fondunun rəhbəri kimi bu gün də Mehriban xınımın fəaliyyət proqramına təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir.
Mehriban Əliyeva dünya miqyaslı fəaliyyəti, milli təəssübkeliyi ilə Azərbaycan xalqının kökü çox qədimlərə bağlı olan sənət xəzinəsinə, milli irsimizə, muğamlarımıza böyük vətəndaş məsuliyyəti ilə sahib çıxaraq, beynəlxalq səviyyədə tanıtdı və sevdirdi. O beynəlxalq möhtəşəm tribunalarda cəsarəti, haqsevərliyi ilə dünya ictimaiyyətinin böyük sayğısını qazanıb. Meh-riban xanım Əliyevanın milli-mənəvi, mədəni dəyərlərimizin himayədarı kimi ali görəvi Vətən, Xalq və vətəndaş ehtiyacına bağlıdır.
Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilir. Onun böyük xidmətləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti seçildikdən sonra daha dinamik xarakter alıb.
Mehriban Əliyevanın xalq və vətən üçün gördüyü böyük işlərin miqyası xüsusilə təqdirəlayiqdir. Ancaq bunların heç biri təbliğat məqsədlərinə hesablanmayıb. Bütün bunlar Azərbaycan xalqına sayğı və məhəbbətin, təmənnasız xidmətin bariz nümunəsidir. Və Xalqa, Vətənə, vətəndaşa, onun mənəvi dünyasına, dövlətçiliyimizə bu təmənnasız xidmət, xeyirxahlıq nurlu soydan, böyük Heydər Əliyev ideyalarının mahiyyətindən gələn bir xrakterin təzahürüdür.

Nizami Cəfərov
Azərbaycan MEA-nın həqiqi üzvü,
millət vəkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir